Biz İstifadəçi razılaşmamızı yeniləyirik. Yeniləmələr 12 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək. Yeni razılaşmanı oxuyun.

İstifadəçi razılaşması

Meta məhsullarına daxil olan mesajlaşma, səs və videozəng xidmətləri ilə əlaqədar olaraq müqavilənin icmalına baxmaq üçün buraya və Avropa Elektron Kommunikasiyalar Kodeksi çərçivəsində tələb edilən digər məlumatlara nəzər salmaq üçün buraya klikləyin.


Meta insanların bir-biri ilə əlaqə yaratmasına, icmalar qurmasına və bizneslərini inkişaf etdirməsinə imkan verən texnologiyalar və xidmətlər qurur. Bu İstifadəçi razılaşması ("Razılaşma") konkret şərtlərin tətbiq edilmədiyini açıq şəkildə ifadə etdiyimiz hallar istisna olmaqla, Facebook, Messenger və təklif etdiyimiz digər məhsullar, funksiyalar, tətbiqlər, xidmətlər, texnologiyalar və proqram təminatından (Meta Məhsulları və ya Məhsullar) istifadə etməyinizi tənzimləyir. Bu Razılaşma Meta-nın biznes və təşkilatların təşviq edilməsi üçün ödəniş etdiyi reklamlar və digər kommersiya və sponsorlu məzmunu sizə göstərmək üçün məlumatlardan necə istifadə etməsini də tənzimləyir. Bu Məhsullar sizə Meta Platforms Ireland Limited tərəfindən təmin edilir. Bu Razılaşma sizinlə Meta Platforms Ireland Limited arasında razılaşmadan ibarətdir.

Əksini göstərmədiyimiz halda sizdən Facebook və ya bu İstifadəçi razılaşmasının tətbiq edildiyi digər Məhsullara görə ödəniş almırıq. Əksinə, bizneslər, təşkilatlar və digər şəxslər məhsul və xidmətlərinin reklamlarını sizə göstərməyimiz üçün bizə ödəniş edir. Məhsul və xidmətlərimiz dostlarınız və icmalarınızla əlaqə yaratmağınıza, sizə uyğun hesab etdiyimiz fərdiləşdirilmiş məzmun və reklamlar görməyinizə imkan verir. Məhsullarımızdan istifadə etməklə sizin üçün uyğun hesab etdiyimiz reklamları sizə göstərəcəyimizi qəbul edirsiniz. Məlumatlarınızdan sizə hansı reklamların göstərilməsini müəyyən etmək üçün istifadə edirik.

Biz məlumatlarınızı reklamçılara satmırıq və şəxsiyyətinizi birbaşa müəyyən edən məlumatları (adınız, e-poçt ünvanınız və ya digər əlaqə məlumatlarınız kimi) xüsusi icazə vermədiyiniz halda reklamçılarla paylaşmırıq. Bunun əvəzinə, reklamçılar reklamlarını görmələrini istədikləri auditoriyanın növü kimi məlumatları bizə verir və biz bu reklamları etdiyiniz seçimlərdən asılı olaraq, müvafiq məzmunla maraqlana biləcək insanlara göstəririk. Biz reklamverənləri insanların onların məzmunu ilə necə qarşılıqlı əlaqədə olmasını başa düşmək üçün reklamlarının performansı haqqında hesabatlarla təmin edirik. Bu razılaşma çərçivəsində təmin edilən reklamların Meta məhsullarında iş prinsipi haqqında ətraflı məlumat almaq üçün aşağıda 2-ci bölməyə nəzər salın.

Məxfilik siyasətimiz gördüyünüz reklamları müəyyən etmək və aşağıda təsvir edilmiş digər Meta məhsullarını təmin etmək üçün məlumatlarınızı necə toplamağımızı və istifadə etməyimizi izah edir. Məlumatlarınızın necə istifadə edilməsi ilə əlaqədar malik olduğunuz məxfilik seçimlərini nəzərdən keçirmək üçün istənilən vaxt müvafiq Meta məhsulunun parametrlər səhifəsinə də keçə bilərsiniz.

Məlumat

Məlumat

www.facebook.com saytına aid veb-saytlar və bu səhifələrdəki xidmətlər sizə Meta Platforms Ireland Limited, Merrion Road, Dublin 4, D04 X2K5, İrlandiya tərəfindən təklif olunur

Səlahiyyətli nümayəndə: Riçard Kelli
İrlandiyada qeydiyyatdan keçib (Şirkətlərin Qeydiyyat Ofisi)
Şirkət No. 462932

Şikayət etməklə bağlı yardım və ya məlumat üçün: Bizimlə e-poçt vasitəsilə əlaqə saxlamaq üçün:


1. Təmin etdiyimiz xidmətlər

Missiyamız insanlara icma qurmaq və bütün dünyanı bir platformada birləşdirmək imkanı verməkdir. Bu missiyamıza nail olmaq üçün sizə aşağıda təsvir edilmiş Məhsulları təmin edirik:
Məhsullarımızı təmin etmək, fərdiləşdirmək və təkmilləşdirmək:
Facebook-dakı təcrübəniz sizin üçün unikaldır və hər kəsin təcrübəsindən fərqlənir: bu təcrübə Facebook Xəbər lentində və ya videoplatformamızda gördüyünüz paylaşımlar, hekayələr, tədbirlər, reklamlar və digər məzmundan tutmuş izlədiyiniz Facebook səhifələri və Facebook Marketplace və axtarış kimi istifadə etdiyiniz funksiyalara qədər hər şeyi əhatə edir. Misal üçün, biz yaratdığınız bağlantılar, etdiyiniz seçimlər və seçdiyiniz parametrlər və Məhsullarımızda və onlardan kənarda paylaşdığınız məzmun haqqında məlumatlardan təcrübənizi fərdiləşdirmək məqsədilə istifadə edirik.
Məhsullarımızda sizə göstərdiyimiz reklamlar həmişə əsas məlumatlara əsaslanacaq: yaşınız, göstərdiyiniz gender mənsubiyyəti və məkan. Bundan başqa, onlar istifadə etdiyiniz cihaz və bu cihazda seçdiyiniz dil kimi cihazla bağlı müəyyən məlumatlara, habelə sizə artıq göstərdiyimiz reklamlar və bu reklamlarla necə qarşılıqlı əlaqədə olmağınız haqqında məlumatlara əsaslanacaq. Biz reklamların sizə və onları gördüyünüz cihaza uyğun olmasını təmin etmək, habelə reklam haqqında qanunlara və digər tətbiq edilən qanunlar, təlimatlar və standartlara riayət etmək məqsədilə reklamların bu məlumatlara əsaslanmasını tələb edirik. Bu, Krakovdakı yerli gül mağazasının reklamının Parisdə olan istifadəçiyə göstərilməsi, yaxud eyni reklamın bir neçə dəfə göstərilməsinin qarşısını almağa kömək edir. Eyni zamanda, infrastrukturumuzu dəstəkləmək və Məhsullarımızın sizə ödənişsiz təqdim edilməsi ilə bağlı digər xərcləri qarşılamaq üçün bu məlumatlardan istifadə etməliyik. Seçimlərinizə müvafiq olaraq, sizə göstərilən reklamları fərdiləşdirmək üçün başqa məlumatlardan da istifadə edirik. Sizə fərdiləşdirilmiş təcrübənin, o cümlədən reklamların təmin edilməsi məqsədilə məlumatlarınızdan necə istifadə edilməsi haqqında məlumat almaq üçün Məxfilik siyasətimizə nəzər salın.
Biz istifadə etdiyiniz Meta məhsullarında sizə maraqlı olan insanlar, qruplar, bizneslər, təşkilatlar və digər istifadəçiləri tapmağınıza və onlarla bağlantı yaratmağınıza kömək edirik. Malik olduğumuz məlumatlardan sizə tövsiyələr etmək üçün istifadə edirik - məsələn, qoşula biləcəyiniz qruplar, iştirak edə biləcəyiniz tədbirlər, izləyə və ya mesaj göndərə biləcəyiniz Facebook səhifələri, izləyə biləcəyiniz proqramlar və dostluq etmək istəyəcəyiniz insanlar. Daha güclü əlaqələr daha yaxşı icmaların yaranmasına səbəb olur və biz inanırıq ki, Məhsullarımız insanlar onlara maraqlı olan insanlar, qruplar və təşkilatlarla bağlantı yaratdıqda daha faydalı olur. Facebook-da gördüyünüz məzmun və təkliflərin sizin üçün mümkün qədər maraqlı və dəyərli olmasını istəyirik. Müxtəlif tövsiyə sistemlərimizin sizə hansı məzmun və təklifləri göstərəcəyini müəyyən etmək məqsədilə siqnalları necə prioritetləşdirdiyi, eləcə də təcrübənizi fərdiləşdirmək üçün seçimlər haqqında məlumatı Tövsiyə sistemlərimizin sistem kartlarından əldə edə bilərsiniz.
Sizə maraqlı ola biləcək məzmun, məhsullar və xidmətləri tapmağınıza, habelə Facebook və digər Meta məhsullarından istifadə edən çoxsaylı bizneslər və təşkilatların təklif etdiyi məzmun, məhsullar və xidmətləri tapmağınıza kömək etmək üçün sizə təkliflər və digər sponsorlu və ya kommersiya xarakterli məzmun göstəririk.
Bu, aşağıdakı 2-ci bölmədə daha təfərrüatlı şəkildə izah edilib.
Məhsullarımız özünüzü ifadə etmək və ya dostlarınız, ailəniz və başqa istifadəçilərlə sizi maraqlandıran mövzularda ünsiyyət qurmaq üçün bir çox üsullar təklif edir - məsələn, Meta məhsullarında status yeniləmələri, fotolar, videolar və hekayələrin paylaşılması (parametrlərinizə uyğun olaraq), dostunuza və ya bir neçə istifadəçiyə mesajlar göndərilməsi və ya səs və ya videozəng edilməsi, tədbir və ya qrupların yaradılması, profilinizə məzmun əlavə edilməsi, habelə başqa istifadəçilərin məzmununuzla necə qarşılıqlı əlaqədə olması haqqında statistik məlumatların göstərilməsi. Bundan başqa, insanların Meta məhsullarında daha ifadəli və maraqlı məzmun yaratması və paylaşması üçün artırılmış reallıq və 360° video kimi texnologiyalardan istifadə etməsi yolları yaratmışıq və bu texnologiyaları araşdırmağa davam edirik.
Biz Məhsullarımızı inkişaf etdirmək, sınaqdan keçirmək və təkmilləşdirmək məqsədilə tədqiqat fəaliyyəti ilə məşğul oluruq. Bura istifadəçilərimizlə bağlı malik olduğumuz məlumatların təhlil edilməsi və insanların Məhsullarımızdan necə istifadə etməsinin sorğular keçirilməsi və yeni funksiyaların sınaqdan keçirilməsi və nasazlıqların aşkar edilməsi yolu ilə başa düşülməsi daxildir. Biz insanların fiziki imkanından və ya coğrafi məkanından asılı olmayaraq Məhsullarımızdan təhlükəsiz şərtlərdə istifadə edə bilməsi üçün süni intellekt, maşın öyrənməsi sistemləri və artırılmış reallıq kimi qabaqcıl texnologiyalardan istifadə edir və onları inkişaf etdiririk. Məsələn, belə texnologiyalar görmə məhdudiyyəti olan insanların Facebook-da paylaşılmış foto və ya videolarda nə və ya kimin təsvir edilməsini başa düşməsinə kömək edir. Biz eyni zamanda internetə çıxışın məhdud olduğu ərazilərdə daha çox insanın internet bağlantısına malik olması üçün universal şəbəkə və kommunikasiya texnologiyası qururuq. Biz icmamızı və Məhsullarımızı qorumaq imkanımızı artırmaq üçün avtomatlaşdırılmış sistemlər yaradırıq.
Meta məhsullarının təmin edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə məlumatlarınızdan necə istifadə edilməsi haqqında məlumat almaq üçün Məxfilik Siyasətimizə nəzər salın.
Məhsullarımızın təhlükəsizlik, əminlik və toxunulmazlığını təşviq etmək, zərərli davranışla mübarizə aparmaq və istifadəçilər icmasının təhlükəsizliyini təmin etmək:
İnsanlar yalnız özlərini təhlükəsiz və əmin hiss etdikləri halda Meta məhsullarında icma quracaqlar. Məhsul və xidmətlərimizin təhlükəsizliyini (o cümlədən, mövcudluğu, autentikliyi, bütövlüyü və məxfiliyi) qorumaq üçün bütün səylərimizi səfərbər etmişik. Biz Məhsullarımızdan potensial sui-istifadəni, başqalarına qarşı zərərli davranışı və icmamızı dəstəkləyə və ya qoruya biləcəyimiz situasiyaları aşkar etmək, o cümlədən istifadəçilərin qaydaları poza biləcək məzmundan etdikləri şikayətlərə cavab vermək məqsədilə dünyanın müxtəlif yerlərində xüsusi komandalarla işləyir, xarici xidmət təminatçıları və digər müvafiq qurumlarla əməkdaşlıq edir və qabaqcıl texniki sistemlər hazırlayırıq. Belə məzmun və ya davranış haqqında məlumat aldıqda sizə bildiriş göndərilməsi, kömək təklif edilməsi, məzmunun silinməsi, müəyyən funksiyalara çıxışın ləğv edilməsi və ya məhdudlaşdırılması, hesabın deaktiv edilməsi və ya hüquq-mühafizə orqanlarına müraciət edilməsi kimi müvafiq tədbirlər görürük. Facebook-dan istifadəyə qoya biləcəyimiz məhdudiyyətlər, o cümlədən məzmun siyasətlərimizi, prosedurları, ölçüləri və alətləri necə tətbiq etməyimizlə bağlı məlumatlar haqqında burada ətraflı öyrənin. Məhsullarımızın istifadəçisinin yol verdiyi sui-istifadə halları və ya zərərli davranışı aşkar etdikdə, yaxud Meta Məhsulları, istifadəçiləri və icmasının təhlükəsizliyini təmin etmək məqsədilə məlumatları başqa Meta şirkətləri ilə paylaşırıq. Məsələn, biz maliyyə məhsulları və xidmətləri təqdim edən Meta Şirkətlərinin təhlükəsizliyi və toxunulmazlığı təmin etməsi və tətbiq edilən qanunvericiliyə əməl etməsinə kömək etmək üçün məlumatları onlarla paylaşırıq. Meta bu tədbirin qanunla tələb olunduğunu və ya qanun çərçivəsində icazə verildiyini hesab etdiyi halda haqqınızda topladığı hər hansı məlumatlara çıxış əldə edə, onları saxlaya, istifadə edə və paylaşa bilər. Ətraflı məlumat almaq üçün Məxfilik siyasətimizə nəzər salın.
Bəzi hallarda Nəzarət şurası şərtlərinə və nizamnaməsinə uyğun olaraq qərarlarımızı dəyərləndirə bilər. Burada ətraflı məlumat alın.
Meta şirkətinin məhsullarında sizinlə bağladığımız müqavilələrin əhatə etmədiyi davamlı və səlis təcrübələri təmin etmək:
Sistemlərimiz istifadə etdiyiniz fərqli Meta şirkəti məhsullarında davamlı və səlis təcrübə yaşamağınız üçün layihələndirilib. Misal üçün, Facebook-da qarşılıqlı əlaqədə olduğunuz insanlar haqqında məlumatlardan onlarla Instagram və ya Messenger-də asanlıqla əlaqə yaratmağınız üçün istifadə edir və sizə Facebook-da izlədiyiniz bizneslə Messenger vasitəsilə əlaqə yaratmaq imkanı veririk.
Sizinlə ünsiyyət qurmaq:
Biz məhsulla əlaqədar hər hansı problemlər, tədqiqat, yaxud şərt və siyasətlərimiz haqqında cavab vermək və ya sizi məlumatlandırmaq üçün sizə e-məktublar və ya məhsuldaxili bildirişlər kimi kommunikasiyalar göndərə bilərik. Ətraflı məlumat almaq üçün Məxfilik siyasətimizə nəzər salın.
Məhsullarımıza çıxışın təmin edilməsi:
Qlobal xidmətlərimizi göstərmək və sizə dünyanın müxtəlif yerlərindən olan insanlarla bağlantı qurmaq imkanı vermək üçün məzmun və məlumatları dünyanın müxtəlif yerlərində, o cümlədən yaşadığınız ölkədən kənarda yerləşən məlumat mərkəzlərimiz, xidmət təminatçılarımız, təchizatçılarımız və sistemlərimizə ötürməli, burada saxlamalı və paylaşdırmalıyıq. Bu qlobal infrastruktur Məhsullarımızın təmin edilməsi üçün zəruri və vacibdir. Bu infrastruktur Meta Platforms, Inc., Meta Platforms Ireland Limited və ya onların afilə edilmiş müəssisələrinin mülkiyyətində və ya nəzarətində ola və ya onlar tərəfindən idarə edilə bilər. Məlumatlarınızı necə ötürməyimiz, saxlamağımız və ya emal etməyimiz haqqında ətraflı məlumat almaq üçün Məxfilik siyasətimizə nəzər salın.

2. Xidmətlərimiz necə maliyyələşdirilir

Bu İstifadəçi razılaşmasının əhatə etdiyi Meta məhsullarından istifadə edərkən Facebook və təklif etdiyimiz digər Məhsullardan faydalanmaq üçün ödəniş tutmaq əvəzinə sizə biznes və təşkilatların özlərini Meta şirkətinin məhsullarında tanıtmaq üçün ödəniş etdiyi reklamları göstərməyimizə razılıq verirsiniz. Sizə göstərdiyimiz reklamlar həmişə əsas məlumatlarınıza əsaslanacaq: yaşınız, göstərdiyiniz gender mənsubiyyəti və məkan. Bundan başqa, onlar istifadə etdiyiniz cihaz və bu cihazda seçdiyiniz dil kimi cihazla bağlı müəyyən məlumatlara, habelə sizə artıq göstərdiyimiz reklamlar və bu reklamlarla necə qarşılıqlı əlaqədə olmağınız haqqında məlumatlara əsaslanacaq. Biz reklamların sizə və onları gördüyünüz cihaza uyğun olmasını təmin etmək məqsədilə bu məlumatlara əsaslanmasını tələb edirik. Eyni zamanda, infrastrukturumuzu dəstəkləmək və Məhsullarımızın sizə ödənişsiz təqdim edilməsi ilə bağlı digər xərcləri qarşılamaq üçün bu məlumatlardan istifadə etməliyik.
İnsanların məxfiliyinin qorunması reklam sistemimizin strukturunda mərkəzi mövqeyə malikdir. Bu o deməkdir ki, reklamverənlərə kim olduğunuzu demədən sizə münasib və faydalı reklamlar göstərə bilirik. Biz məlumatlarınızı satmırıq. Biz reklamçıların bizə biznes məqsədi və reklamlarını görmələrini istədikləri auditoriyanın növü (məsələn, reklamçının Portuqaliyadakı mağazasının yaxınlığında yaşayan 18-35 yaşlı insanlar) kimi məlumatları bildirməsinə imkan veririk. Daha sonra reklamları uyğun olduğunu hesab etdiyimiz insanlara göstəririk.
Bundan başqa, reklamverənləri insanların Meta məhsullarında və buradan kənarda onların məzmunu ilə necə qarşılıqlı əlaqədə olmasını başa düşmək üçün reklamlarının performansı haqqında hesabatlarla təmin edirik. Məsələn, reklamverənlərin auditoriyalarını daha yaxşı anlamasına kömək məqsədilə ümumi demoqrafik və maraq dairəsi ilə bağlı məlumatları (məsələn, reklam Madriddə yaşayan və proqram təminatı mühəndisliyi ilə maraqlanan 25-34 yaşlarda qadın tərəfindən baxılıb) təmin edirik. Bizə bununla bağlı xüsusi icazə vermədiyiniz halda şəxsiyyətinizi birbaşa müəyyən edən məlumatları (sizinlə əlaqə saxlamaq üçün istifadə edilə biləcək və ya şəxsiyyətinizi göstərən adınız və ya e-poçt ünvanınız kimi məlumatlar) paylaşmırıq. Meta reklamlarının iş prinsipi haqqında ətraflı məlumat alın.
Sizə yuxarıda təsvir edilmiş xidmətləri göstərmək üçün məlumatlarınızı toplayır və istifadə edirik. Məxfilik siyasətimizdə məlumatlarınızı necə toplamağımız və istifadə etməyimizi, o cümlədən sizə reklamların göstərilməsi üçün istifadə etdiyimiz fərqli məlumat növlərini öyrənə bilərsiniz. Siz gördüyünüz reklamlar və reklamverənlər, habelə sizə hansı reklamların göstərilməsini müəyyən etmək üçün istifadə etdiyimiz məlumat növləri üzərində nəzarətə maliksiniz. Ətraflı məlumat.

3. Facebook və icmamız qarşısında öhdəlikləriniz

Biz sizə və başqa istifadəçilərə bu xidmətləri missiyamıza nail olmaq məqsədilə təmin edirik. Bunun müqabilində üzərinizə aşağıdakı öhdəlikləri götürməyinizi tələb edirik:
1. Facebook-dan kimlər istifadə edə bilər
İnsanlar öz mövqelərini və fəaliyyətlərini dəstəklədikdə icmamız daha təhlükəsiz və məsuliyyətli olur. Bu səbəblə siz:
  • Hesabınızda gündəlik həyatda istifadə etdiyiniz adı təqdim etməli;
  • Özünüz haqqında dəqiq məlumat verməli;
  • Yalnız bir hesab (özünüzünkü) yaratmalı və ondan şəxsi məqsədlər üçün istifadə etməli;
  • Şifrənizi paylaşmamalı, başqalarına Facebook hesabınıza giriş imkanı verməməli və ya hesabınızı başqasına (icazəmiz olmadan) ötürməməlisiniz.
Facebook-u hər kəs üçün əlçatan etməyə səy göstəririk, lakin aşağıdakı hallarda Facebook-dan istifadə edə bilməzsiniz:
  • 13 yaşınız tamam olmayıb.
  • Cinsi istismar cinayətinə görə məhkum edilmisiniz.
  • Daha əvvəl Razılaşmamızı, İcma standartlarımızı və ya Facebook-dan istifadənizə şamil olunan digər şərt və siyasətləri pozduğunuza görə hesabınızı dayandırmışıq və ya deaktiv etmişik. Razılaşmamızı, İcma standartlarımızı, yaxud digər şərt və siyasətlərimizi pozduğunuza görə hesabınızı deaktiv etsək, icazəmiz olmadan başqa hesab yaratmamaqla razılaşırsınız. Yeni hesab yaratmaq üçün icazə almaq öz mülahizəmizə əsasən təmin olunur və intizam tədbirinin yanlış və ya səbəbsiz olduğunu ifadə etmir, yaxud nəzərdə tutmur.
  • Tənzimləyici qanunvericilik çərçivəsində məhsul, xidmət və ya proqram təminatlarımızı almaq hüququna malik deyilsiniz.
2. Meta məhsullarında nə paylaşa və edə bilərsiniz
İnsanların başqalarının təhlükəsizliyi və rifahı, yaxud icmamızın bütövlüyü bahasına deyil, özlərini ifadə etməsi və onlara görə vacib olan məzmunu paylaşması üçün Meta Məhsullarından istifadə etməsini istəyirik. Buna görə də aşağıda təsvir olunan şəkildə davranmamaqla (və ya başqalarının bu cür davranmasına kömək etməməklə, yaxud bunu dəstəkləməməklə) razılaşırsınız:
  1. Məhsullarımızdan o halda istifadə edə bilməzsiniz ki, fəaliyyətiniz və ya paylaşdığınız məzmun:
    • Bu Razılaşmanı, İcma standartlarını və Məhsullarımızdan istifadənizə tətbiq olunan digər şərt və siyasətləri pozur.
    • Qanunsuzdur, yanıldıcıdır, ayrı-seçkilik yaradır və ya saxtadır (yaxud başqalarının Məhsullarımızdan bu yolla istifadə etməsinə yardım edir).
    • Sizə məxsus deyil və ya paylaşmaq üçün lazımi hüquqlarınız yoxdur.
    • Qüvvədə olan qanunvericilik çərçivəsində istisna və ya məhdudiyyətlərin tətbiq edildiyi hallar istisna olmaqla, başqasının hüquqlarını, o cümlədən əqli mülkiyyət hüquqlarını pozur (məsələn, başqasının müəllif və ya əmtəə nişanı hüquqlarını pozmaqla, yaxud saxta və ya pirat məhsullar paylamaq və ya satmaqla).
  2. Viruslar, yaxud zərərli kod yükləyə, spam göndərmək üçün xidmətlərdən istifadə edə, yaxud xidmət, sistem və ya Məhsullarımızın müvafiq şəkildə işləməsinə, bütövlüyünə, fəaliyyətinə, yaxud görünüşünə xələl gətirə, müdaxilə edə, zərər verə və ya bunu çətinləşdirə biləcək başqa bir şey edə bilməzsiniz.
  3. Avtomatlaşdırılmış vasitələrdən istifadə edərək (əvvəlcədən icazəmiz olmadan) Məhsullarımıza giriş imkanı əldə edə, yaxud onlardan məlumat toplaya və ya giriş icazənizin olmadığı məlumatlara giriş imkanı əldə etməyə cəhd göstərə bilməzsiniz. Həmçinin mətnin və verilənlərin intellektual təhlilinə dair bütün hüquqlarımızı özümüzdə saxlayırıq.
  4. Məhsulun istifadəçi adları və ya şifrələrini, yaxud qanunsuz giriş tokenlərini əvəz edə, toplaya və ya bunun üçün sorğu göndərə bilməzsiniz.
  5. Platforma Şərtlərində qeyd olunan hallar istisna olmaqla bizdən və ya xidmətlərimizdən əldə etdiyiniz hər hansı məlumatı sata, lisenziyalaşdıra, yaxud satın ala bilməzsiniz.
  6. Fırıldaqçı, təkrarlanan və ya əsassız şikayət və ya müraciətlərin edilməsi kimi hər hansı şikayət, işarələmə, etiraz və ya müraciət üsulundan sui-istifadə edə bilməzsiniz. Açıq-aşkar əsassız şikayətlərin tez-tez təqdim edilməsi ilə bağlı siyasətimiz haqqında ətraflı məlumatı Sui-istifadə ilə bağlı siyasətimizdə əldə edin.
Bu müddəaları pozan məzmunu silə, bloklaya, yaxud məhdudlaşdıra bilərik.
Razılaşmanı və ya İcma standartlarını pozaraq paylaşdığınız məzmunu silsək, bloklasaq, yaxud məhdudlaşdırsaq, bunu və bu fəaliyyətin səbəbini dərhal sizə bildirəcəyik. Qərarımızla razılaşmasanız, dəyərləndirmə sorğusu göndərə bilərsiniz. Dəyərləndirmə sorğusu göndərdiyiniz halda qərarı saxlamağımız, məzmunu bərpa etməyimiz, blokdan çıxarmağımız, ya da məhdudiyyəti götürməyimiz haqqında bildiriş alacaqsınız.
Bundan əlavə, bu müddəaları pozsanız, Bölmə 4.2 çərçivəsində ləğvetmə hüququmuza xələl gətirmədən məhdud müddətə paylaşım etmək, şərh bildirmək kimi məzmun yaratmaq, Facebook Live-dan istifadə etmək və ya Facebook səhifəsi yaratmaq daxil olmaqla, lakin bunlarla məhdudlaşdırılmadan, Facebook-un müəyyən funksiyalarından istifadənizi məhdudlaşdıra bilərik. Bu cür məhdudiyyətlərin növü və dərəcəsi pozuntunun kəskinliyindən və əvvəlki pozuntuların sayı və xarakterindən asılı olacaq. Bunu və bu fəaliyyətin səbəbini sizə bildirəcəyik. Nəzərdə tutulmuş məhdudiyyətlə razılaşmasanız, məhdudiyyət qüvvəyə minməzdən əvvəl dəyərləndirmə sorğusu göndərə bilərsiniz. Dəyərləndirmə sorğusu göndərsəniz, yekun qərarımızla bağlı bildiriş alacaqsınız.
Məzmunun silinməsi, bloklanması, yaxud məhdudlaşdırılması və ya hesabdan istifadənin məhdudlaşdırılması ilə bağlı bildiriş, o cümlədən bu fəaliyyətin səbəbi, dəyərləndirmə sorğusu göndərməyin mümkünlüyü və mümkünsə, məhdudiyyətin növü və müddətinə dair təfərrüatlar hüquqi səbəblərə görə qadağan edildiyi halda təmin olunmayacaq. Bu, bildirişin göndərilməsinin hər iki tərəfin maraqlarının nəzərə alınması ilə əsassız olduğu hallarda da təmin olunmayacaq.
İcmamızı dəstəkləməyə kömək məqsədilə hüquqlarınızı (o cümlədən əqli mülkiyyət hüquqlarını), yaxud şərtlərimizi və siyasətlərimizi pozduğunu düşündüyünüz məzmundan və ya davranışdan şikayət edə bilərsiniz (bu funksiya yurisdiksiyanızda mövcuddursa).
Şikayətlərin idarə edilməsi prosesimiz haqqında ətraflı məlumatı buradan əldə edin.
3. Bizə verdiyiniz icazələr
Xidmətlərimizi göstərməyimiz üçün bizə müəyyən icazələr verməlisiniz:
  1. Yaratdığınız və paylaşdığınız məzmundan istifadə etmək üçün icazə: Facebook və istifadə etdiyiniz digər Meta şirkəti məhsullarında yaratdığınız və paylaşdığınız məzmunun sahibi olaraq qalırsınız və bu Razılaşmanın heç bir müddəası sizi öz məzmununuz üzərində sahib olduğunuz hüquqlardan məhrum etmir. Məzmununuzu istənilən yerdə istənilən kəslə paylaşmaqda sərbəstsiniz. Buna baxmayaraq, xidmətlərimizi göstərərkən bu məzmundan istifadə etmək üçün sizdən müəyyən hüquqi icazələr almalıyıq.
    Məhsullarımızda və ya onlarla əlaqədar əqli mülkiyyət hüquqları ilə qorunan məzmunu paylaşdıqda, yerləşdirdikdə və ya yüklədikdə (foto və ya video kimi) bizə məzmununuzun saxlanılması, istifadə edilməsi, paylanması, dəyişdirilməsi, yerləşdirilməsi, surətinin çıxarılması, ictimai şəkildə ifa edilməsi və ya nümayiş olunması, tərcümə edilməsi və ondan törəmə işlərin hazırlanması (məxfiliktətbiq parametrlərinizə müvafiq olaraq) üçün istisnasız, bütün dünyada ötürülməsi və altlisenziya verilməsi mümkün olan lisenziya verirsiniz. Bu lisenziyanın yeganə məqsədi Məhsullarımızı sizin üçün əlçatan etməkdir. Bu o deməkdir ki, məsələn, siz Facebook-da foto paylaşanda bizə onu saxlamaq, surətini çıxarmaq və Meta Məhsulları və ya bu məhsulları və istifadə etdiyiniz xidməti dəstəkləyən xidmət təminatçıları kimi başqa tərəflərlə (yenə də parametrlərinizə müvafiq olaraq) paylaşmaq icazəsi verirsiniz.
    İstənilən vaxt məzmun və ya hesabınızı silərək bu lisenziyanı sonlandıra bilərsiniz.
    Paylaşdığınız, yerləşdirdiyiniz və yüklədiyiniz konkret məzmunu istənilən vaxt silə bilərsiniz. Bundan başqa, hesabınızı sildiyiniz halda şəxsi hesabınızda paylaşdığınız bütün məzmun da silinəcək. Hesabınızın silinməsi haqqında ətraflı məlumat alın. Hesabın silinməsi səhifə admini kimi paylaşdığınız və ya başqa istifadəçilərlə birlikdə yaratdığınız məzmunu, məs., Paylaşılan Albomlardakı digər üzvlərin gördüyü fotoları avtomatik silmir.
    Hesabın silinməsi prosesinə başlamağımızdan və ya məzmunun silinməsi sorğusunu almağımızdan sonra məzmunun silinməsi 90 günədək çəkə bilər. Məzmunu zibil qutusuna göndərsəniz, məzmunu daha tez silməyi seçmədiyiniz halda silinmə prosesi 30 gün sonra avtomatik başlayacaq. Belə məzmunun silinməsi prosesi davam edərkən başqa istifadəçilər məzmunu görmür. Məzmunun silinməsindən sonra onu ehtiyat nüsxələrdən və qəza hallarında bərpa sistemindən silmək daha 90 günə qədər çəkə bilər.
    Hesabın və məzmunun silinməsi prosesi aşağıdakı situasiyalarda başladığı halda məzmun 90 gün ərzində silinməyəcək:
    • məzmununuz bu lisenziyaya müvafiq olaraq başqaları tərəfindən istifadə edilir və onlar bu məzmunu silmir (bu halda bu lisenziya məzmun silinənə qədər tətbiq ediləcək); və ya
    • 90 gün ərzində silinmə sistemlərimizin texniki məhdudiyyətləri ilə əlaqədar olaraq mümkün deyil - bu halda silinməni texniki baxımdan mümkün olan kimi həyata keçirəcəyik; və ya
    • məzmunun dərhal silinməsi aşağıdakı imkanlarımızı məhdudlaşdıracaq:
      • qanunsuz fəaliyyəti və ya şərt və siyasətlərimizin pozulması hallarını araşdırmaq, yaxud müəyyən etmək (məsələn, Məhsullarımız və ya sistemlərimizdən sui-istifadə hallarını müəyyən etmək, yaxud araşdırmaq);
      • məhsullarımız, sistemlərimiz, xidmətlərimiz və istifadəçilərimizin təhlükəsizlik, toxunulmazlıq və əmniyyətini qorumaq və özümüzü müdafiə etmək;
      • dəlillərin, o cümlədən maliyyə məhsulları və xidmətləri təmin edən Meta şirkətlərinin qanunla tələb olunan hər hansı uçot öhdəliklərini yerinə yetirmək üçün saxladığı məlumatların saxlanılması üçün hüquqi öhdəlikləri yerinə yetirmək; və ya
      • məhkəmə və ya inzibati orqan, hüquq-mühafizə orqanları və ya dövlət qurumunun sorğusunu yerinə yetirmək;
  2. qeyd edilən hallarda məzmun silinməsinin dayandırıldığı səbəblər üçün zəruri olan müddət ərzində saxlanılacaq (dəqiq müddət konkret haldan asılı olaraq dəyişə bilər).
    Yuxarıda qeyd edilən halların hər birində lisenziya məzmun tamamilə silinənə qədər qüvvəsini saxlayacaq.
  3. Adınızdan, profil şəklinizdən və reklamlar və sponsorlu və ya kommersiya məzmunu ilə əlaqədar hərəkətləriniz haqqında məlumatlardan istifadə etmək. Adınız, profil şəkliniz və Facebook-dakı hərəkətləriniz haqqında məlumat Məhsullarımızda nümayiş etdirdiyimiz reklamlar, təkliflər və digər sponsorlu və ya kommersiya məzmununun yanında və ya onlarla əlaqədar kompensasiyasız istifadə edilə bilər. Məsələn, dostlarınıza reklamlı tədbirlə maraqlandığınızı və ya Facebook-da reklamlarını göstərməyimiz üçün bizə ödəniş etmiş brendin yaratdığı Facebook səhifəsini bəyənməyinizi göstərə bilərik. Reklamlar və belə məzmunu yalnız Meta məhsullarında etdiyiniz hərəkətləri görmək üçün icazəsi olan insanlar görür. Məlumatların qorunmasına dair müvafiq qanun qüvvəsini saxlayır. Reklam parametrləriniz və seçimləriniz haqqında ətraflı məlumat alın.
  4. İstifadə etdiyiniz və ya endirdiyiniz proqram təminatını yeniləmək icazəsi: Proqram təminatımızı endirdiyiniz və ya istifadə etdiyiniz halda lazım gəldikdə bu proqram təminatı üçün yeniləmələri endirib quraşdırmağımıza icazə verirsiniz.
4. Əqli mülkiyyətimizdən istifadə ilə bağlı məhdudiyyətlər
Məhsullarımızda mövcud olan və təmin edilən əqli mülkiyyət hüquqları ilə qorunan məzmundan (məsələn, yaratdığınız və ya Facebook-da paylaşdığınız məzmuna əlavə etdiyiniz şəkillər, dizaynlar, videolar və ya səslərimiz) istifadə etdiyiniz halda məzmunumuz üzərində (sizə məxsus olan hissəsi üzərində deyil) bütün hüquqları saxlayırıq. Müəlliflik hüquqlarımız və ya ticarət nişanlarımızdan (və ya hər hansı bənzər nişanlardan) yalnız Brenddən İstifadə Təlimatlarımızda aşkar şəkildə icazə verildiyi şəkildə və ya əvvəlcədən verdiyimiz yazılı icazəmizlə istifadə edə bilərsiniz. Bununla bağlı tətbiq edilən qanunvericilik çərçivəsində istisna və ya məhdudiyyətlərin tətbiq edildiyi hallar, yaxud davranışınızın Meta-nın xətaların aşkar edilməsinə görə mükafatlandırma proqramının əhatə dairəsinə daxil olduğu hallar istisna olmaqla, məhsullarımız və ya onların komponentlərini dəyişdirmək, tərcümə etmək, onlardan törəmə məhsullar hazırlamaq, dekompilyasiya etmək və ya onların texnologiyasını təhlil etmək, yaxud onların mənbə kodunu başqa şəkildə çıxarmağa cəhd etmək üçün yazılı icazəmizi almalısınız.

4. Əlavə müddəalar

1. İstifadəçi razılaşmamızın yenilənməsi
Biz xidmətlərimizi təkmilləşdirmək üçün durmadan işləyir və Məhsullarımızı siz və icmamız üçün daha yaxşı etmək üçün yeni funksiyaları inkişaf etdiririk. Nəticə etibarilə, xidmət və təcrübələrimizi dəqiqliklə təqdim etmək, Məhsul və xidmətlərimizdə təhlükəsiz və əmin təcrübələri təşviq etmək və/və ya tətbiq edilən qanunlara riayət etmək üçün bu İstifadəçi Razılaşmasını vaxtaşırı olaraq yeniləməyimizə ehtiyac ola bilər. Hər hansı dəyişiklikləri yalnız müddəalar aktuallığını itirdiyi və ya natamam olduğu, maraqlarınızı nəzərə aldıqda dəyişikliklər əsaslı səbəblərdən zəruri olduğu, yaxud dəyişikliklər təhlükəsizlik və əmniyyət məqsədləri ilə və ya tətbiq edilən qanunlara riayət etmək üçün tələb olunduğu halda edirik.
Bu İstifadəçi razılaşmasına dəyişikliklər etməzdən ən az 30 gün öncə sizə bildiriş göndərəcək (məsələn, e-poçt və ya Məhsullarımız vasitəsilə) və dəyişikliklər qanunla tələb edilməzsə, sizə dəyişikliklərin qüvvəyə minməsindən öncə onları nəzərdən keçirmək imkanı verəcəyik. Bu 30 günlük müddət və onun əhəmiyyəti barədə sizə bildirişimizdə məlumat verəcəyik. Yenilənmiş Razılaşma qüvvəyə mindikdən sonra Məhsullarımızdan istifadə etməyə davam etsəniz, dəyişiklikləri nəzərə almalı olacaqsınız.
Ümid edirik, Məhsullarımızdan istifadə etməyə davam edəcəksiniz, lakin yenilənmiş Razılaşmamızı qəbul etmirsinizsə və artıq Meta icmasının bir hissəsi olmaq istəmirsinizsə, hesabınızı istənilən vaxt silə bilərsiniz.
2. Hesabın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
Facebook-un insanların özlərini ifadə edərkən, eləcə də fikir və ideyalarını paylaşarkən rahat və təhlükəsiz hiss edəcəyi yer olmasını istəyirik.
Xidmətlərin göstərilməsinin əsaslı səbəblərlə dayandırılması hüququmuz qüvvəsini saxlayır. Əsaslı səbəb tərəfin bu Şərtlərlə nəzərdə tutulmuş öhdəlikləri, hər hansı qanunları, üçüncü şəxslərin hüquqlarını və ya məxfilik siyasətlərini pozması və Xidmətlərin göstərilməsini dayandıran tərəfin konkret halın şərtlərini və razılaşdırılmış dayandırılma vaxtına və ya bildiriş müddətinin bitməsinə qədər hər iki tərəfin maraqlarını nəzərə alaraq müqavilə ilə nəzərdə tutulmuş münasibətlərə davam etməsinin mümkün olmaması hesab edilir. Xidmətlərin göstərilməsinin əsaslı səbəblərlə dayandırılması yalnız pozuntu halının məlum olmasından sonra ağlabatan müddətdə mümkündür.
Əsaslı səbəb bu Şərtlərdə nəzərdə tutulmuş öhdəliklərin pozulmasıdırsa, Xidmətlərin göstərilməsinin dayandırılmasına yalnız problemin aradan qaldırılması öhdəliyinin yarandığı müddətin bitməsindən və ya müvafiq tərəfə xəbərdarlıq göndərilməsindən və nəticədə vəziyyətin dəyişməməsindən sonra icazə verilir. Bununla belə, digər tərəf öhdəliklərini yerinə yetirməkdən qəti və ciddi şəkildə imtina edirsə, yaxud hər iki tərəfin maraqlarının nəzərə alındığı xüsusi şərtlər Xidmətlərin göstərilməsinin dərhal dayandırılmasını doğruldursa, problemin aradan qaldırılması və xəbərdarlıq üçün vaxt məhdudiyyəti zəruri deyil.
Hesabınız deaktiv edildiyi halda görə biləcəyiniz tədbirlər və hesabınızı səhvən deaktiv etdiyimizi düşündüyünüz halda bizimlə necə əlaqə saxlayacağınız haqqında ətraflı məlumat ala bilərsiniz.
Hesabınızı özünüz silsəniz, yaxud biz deaktiv etsək və ya silsək, bu Razılaşma aramızdakı müqavilə kimi ləğv olunacaq, lakin bu müddəalar qüvvədə qalacaq: 3.3.1, 4.2-4.5.
3. Məsuliyyətin məhdudlaşdırılması
Yalnız aşağıdakı kimi öhdəlik daşıyırıq: Hüquqi müddəalara uyğun olaraq qeyri-məhdud öhdəliklərimiz var: insanların həyatına, ətraf orqanlarına və ya sağlamlığına zərər vuran xəsarətlərə görə; niyyət olduqda; kobud səhlənkarlığa görə və Məhsul Öhdəliyi Aktına uyğun olaraq.
Yuxarıdakıların hər hansı birini məhdudlaşdırmadan bu müqavilə çərçivəsində yalnız "vacib" öhdəlik pozulduğu halda cüzi səhlənkarlığa görə öhdəlik daşıyırıq. Burada "vacib" öhdəliklər dedikdə müqavilənin yerinə yetirilməsi üçün lazım olan, pozulması sözügdən müqavilənin məqsədini təhlükə qarşısında qoyan və əməl olunacağına etibar edə biləcəyiniz öhdəliklər nəzərdə tutulur. Bu hallarda öhdəlik səciyyəvi və proqnozlaşdırıla bilən zərərlərlə məhdudlaşır; digər hallarda isə cüzi səhlənkarlığa görə öhdəlik nəzərdə tutulmur.
4. Mübahisələr
Meta Məhsullarından istehlakçı kimi istifadə etməyinizlə əlaqədar iddia və ya mübahisə yarandığı halda hər ikimiz qəbul edirik ki, hər ikimiz fərdi iddia və ya mübahisələrimizi yaşadığınız əsas ölkənin iddia və ya mübahisənizə şamil edilən yurisdiksiyaya malik hər hansı səlahiyyətli məhkəməsində həll edə bilərik və bu zaman bu ölkənin qanunvericiliyi kolliziya normaları nəzərə alınmadan tətbiq ediləcək.
Aramızdakı iddia və ya mübahisə Meta Məhsullarından başqa şəkildə istifadə edilməsi, o cümlədən Məhsullara biznes və ya kommersiya məqsədilə çıxış əldə edilməsi və ya onlardan istifadə edilməsi ilə əlaqədar yaranarsa, yaxud təşkilat tərəfindən sizin adınızdan qaldırılarsa, bu iddia və ya mübahisənin İrlandiyada yerləşən səlahiyyətli məhkəmə tərəfindən həll edilməsinə və bu iddia və ya mübahisəyə kolliziya normaları nəzərə alınmadan İrlandiya qanunvericiliyinin tətbiq edilməsinə razılıq verirsiniz.
5. Digər
  1. Bu Şərtlər (əvvəlki adı: Hüquqlar və Məsuliyyətlərə dair Bildiriş) sizinlə Meta Platforms Ireland Limited arasında Məhsullarımızdan istifadə etməyinizlə əlaqədar tam müqavilədən ibarətdir. O, istənilən əvvəlki razılaşmadan daha üstün hüquqi qüvvəyə malikdir.
  2. Təklif etdiyimiz bəzi Məhsullar əlavə şərtlərlə də tənzimlənir. Bu Məhsulların hər hansı birindən istifadə etsəniz, sizə əlavə şərtləri qəbul etmək imkanı veriləcək. Bu şərtlər sizinlə razılaşmamızın tərkib hissəsinə çevriləcək. Məsələn, Məhsullarımıza reklamların alınması, məhsulların satılması, tətbiqlərin tərtibatı, biznesiniz adından qrup və ya səhifənin idarə edilməsi, yaxud ölçmə xidmətlərimizdən istifadə edilməsi kimi kommersiya və ya biznes məqsədləri ilə çıxış əldə edir, yaxud onlardan istifadə edirsinizsə, Kommersiya Şərtlərimizi qəbul etməlisiniz. Tərkibində musiqi olan məzmun paylaşırsınızsa, Musiqi ilə bağlı Qaydalarımıza riayət etməlisiniz. Hər hansı əlavə şərtlərdə bu Razılaşma ilə ziddiyyətli bəndlər olarsa, əlavə şərtlər bu ziddiyyətli məsələlərdə daha üstün hüquqi qüvvəyə malik olmalıdır.
  3. Bu Razılaşmanın hər hansı hissəsinin icrasının mümkün olmadığı aşkar edilərsə, qalan hiss tam qüvvədə qalacaq. Bu Razılaşmanın hər hansı şərtinin tətbiqinə nail ola bilmədiyimiz halda, bu, həmin şərtdən imtina etməyimizi göstərmir. Razılaşmaya edilən hər hansı düzəlişlər və ya ondan imtina edilməsi yazılı şəkildə tərtib edilməli və tərəfimizdən imzalanmalıdır.
  4. Bu Razılaşma çərçivəsində hüquq və öhdəliklərinizi razılığımız olmadan hər hansı şəxsə ötürə bilməzsiniz.
  5. Hesabınıza xatirə statusu verildiyi halda hesabınızı idarə etmək üçün şəxs (hesabın varisi) təyin edə bilərsiniz. Parametrlərdə bu seçimi aktiv etsəniz, hesabınıza xatirə statusunun verilməsindən sonra yalnız hesabınızın varisi, yaxud hüquqi qüvvəyə malik olan vəsiyyətnamədə və ya bənzər hüquqi sənəddə vəfat etdiyiniz və ya fəaliyyət qabiliyyətini itirdiyiniz halda məzmununuza çıxışa sahib olmasını açıq şəkildə göstərdiyiniz şəxs hesabınızdakı məlumatların qismən açıqlanmasını təmin edə bilər.
  6. Bu İstifadəçi razılaşması hər hansı üçüncü tərəf benefisiarlara hüquqlar vermir. Bu Razılaşma ilə nəzərdə tutulmuş bütün müqavilə hüquq və öhdəliklərimiz aktivlərin birləşdirilməsi, satınalınması və ya satışı, yaxud qanun çərçivəsində və ya başqa formada sərbəst şəkildə ötürülə bilər.
  7. Bəzi hallarda hesabınızın istifadəçi adını dəyişə bilərik (məsələn, başqa biri istifadəçi adına sahib olduğunu iddia edirsə və o, gündəlik həyatınızda istifadə etdiyiniz adla əlaqədar deyilsə).
  8. Məhsul və xidmətlərimizlə bağlı rəy və təkliflərinizi hər zaman yüksək dəyərləndiririk. Bununla belə, rəy və digər təkliflərdən hər hansı məhdudiyyət öhdəliyi olmadan istifadə edə bilərik və onların məxfiliyinin saxlanılması üçün məsuliyyət daşımırıq.
  9. Məhsullarımızın hamısının və ya bir hissəsinin mülkiyyət forması və ya onlar üzərində nəzarət dəyişərsə, bu, məlumatlarınızın yeni mülkiyyətçiyə ötürülməsinə səbəb ola bilər.

5. Sizə tətbiq edilə biləcək digər şərt və siyasətlər

  • İcma standartları: Bu təlimatlar Facebook-da paylaşdığınız məzmun və Facebook və digər Meta məhsullarında fəaliyyətinizlə bağlı standartlarımızı müəyyən edir.
  • Məzmun siyasətlərimizi necə tətbiq edirik: Burada məzmun siyasətləri, prosedurlar, ölçülər və alətlərimizi necə tətbiq etdiyimizə dair məlumatlar daxil olmaqla Facebook-dan istifadəyə qoya biləcəyimiz məhdudiyyətlər haqqında məlumat təmin olunur.
  • Sui-istifadə ilə bağlı siyasət: Bu siyasət tez-tez açıq-aşkar qanunsuz məzmun təmin etdiyinizi müəyyən etdiyimiz zaman Facebook-a giriş imkanını, yaxud tez-tez açıq-aşkar əsassız şikayətlər təqdim etdiyinizi müəyyən etdiyimiz zaman şikayətlərin emalını necə müvəqqəti dayandıra biləcəyimizi göstərir. Məzmun siyasətlərimizin dəfələrlə pozulmasına qarşı necə mübarizə apardığımız haqqında ətraflı məlumatı buradan da əldə edə bilərsiniz.
  • Şikayətlərin idarə edilməsi prosesi: Burada daxili şikayətlərin idarə edilməsi sistemimizin prosedur qaydaları haqqında məlumat təmin olunur.
  • Kommersiya şərtləri: Hər hansı kommersiya və biznes məqsədi, o cümlədən reklam yerləşdirilməsi, Platformamızda tətbiqin işlədilməsi, qiymətləndirmə xidmətlərimizdən istifadə edilməsi, biznes adından qrup və ya səhifənin idarə edilməsi, yaxud məhsul və ya xidmətlərin satılması məqsədilə Məhsullarımıza çıxış əldə etdiyiniz və ya onlardan istifadə etdiyiniz hallarda bu şərtlər tətbiq edilir.
  • İcmanın ödəniş şərtləri: Bu şərtlər Meta məhsullarında və ya onlar vasitəsilə edilən ödənişlərə tətbiq edilir.
  • Kommersiya siyasətləri: Bu təlimatlar Facebook, Instagram və WhatsApp-da satış üçün məhsul və ya xidmətlər təklif etdiyiniz hallarda tətbiq edilən siyasətləri əhatə edir.
  • Musiqi təlimatları: Bu təlimatlar hər hansı Meta məhsullarında tərkibində musiqi olan məzmun paylaşdığınız hallarda tətbiq edilən siyasətləri əhatə edir.
  • Reklam siyasətləri: Bu siyasətlər Meta məhsullarında reklam yerləşdirən tərəfdaşlara tətbiq edilir və Meta məhsullarında reklam yerləşdirən tərəfdaşların hansı növ reklam məzmununu paylaşa biləcəyini müəyyən edir.
  • Özünəxidmət formalı reklamlar üçün şərtlər: Bu şərtlər reklamlar və digər kommersiya xarakterli və ya sponsorlu fəaliyyət və ya məzmun yaratmaq, təqdim etmək və ya yerləşdirmək üçün özünəxidmət formalı reklam interfeyslərindən istifadə etdiyiniz hallara tətbiq edilir.
  • Facebook səhifələri, qrupları və siyasətləri üzrə siyasət: Bu təlimatlar Facebook səhifəsi, qrupu və ya tədbiri yaratdığınız və ya idarə etdiyiniz, yaxud Facebook-dan təşviqat kampaniyasını idarə etmək və ya insanlara çatdırmaq üçün istifadə etdiyiniz hallara tətbiq edilir.
  • Meta Platforma siyasəti: Bu şərtlər digər istifadəçilərin funksionallığı inkişaf etdirməsinə, Meta məhsullarından məlumatları çıxarmasına və ya bizə məlumat verməsinə imkan verən API-lər, SDK-lar, alətlər, plaginlər, kod, texnologiya, məzmun və xidmətlər dəstinin istifadə edilməsinə tətbiq edilir.
  • Tərtibatçılar üçün ödəniş şərtləri: Bu şərtlər Facebook ödənişlərindən istifadə edən tətbiq tərtibatçılarına tətbiq edilir.
  • Meta brend resursları: Bu təlimatlar Meta ticarət nişanları, loqoları və ekran görüntülərinin istifadə edilməsinə tətbiq edilən siyasətləri əhatə edir.
  • Tövsiyə Təlimatları: Facebook tövsiyə qaydalarıInstagram tövsiyə qaydaları məzmunun tövsiyə edilməsi və edilməməsi üçün standartlarımızı əhatə edir.
  • Tövsiyə sistemlərinin sistem kartları: Bu keçiddə tövsiyə sistemlərimizin əsas parametrləri, o cümlədən təcrübənizi fərdiləşdirmək üçün seçimlər haqqında məlumat təmin olunur.
  • Canlı yayımla bağlı siyasətlər: Bu siyasətlər Facebook Live-də yayımlanan bütün məzmuna tətbiq edilir.
  • Aİ və AİB-dən olan istifadəçilərə tətbiq edilən mesajlaşma xidmətlərinin şərtləri: Facebook məhsullarına daxil olan mesajlaşma, səs və videozəng xidmətlərinə tətbiq edilən şərtlər Aİ qaydalarına müvafiq olaraq buradaburada verilmişdir.

Son düzəliş tarixi: 5 iyul 2023-cü il Son düzəliş tarixi: 5 iyul 2023-cü il