Azərbaycan Fotoqraflar Birliyi
Azərbaycan Fotoqraflar Birliyi | |
---|---|
Növü | İctimai təşkilat |
Fəaliyyəti | Fotoqrafiya |
Yaranma tarixi | 1994 |
Qeydiyyat tarixi | 20 noyabr 1998 |
Rəsmi dili | azərbaycan dili |
Mərkəzi | Bakı, Azərbaycan |
Yarandığı yer | Bakı, Azərbaycan |
Qurucusu | Rafael Qəmbərov, Mirnaib Həsənoğlu, Asım Talıb, Namiq Məmmədov |
Sədr | Amira Süleyman (müvəqqəti) |
Üzvləri | 150 |
Azərbaycan Fotoqraflar Birliyi |
Azərbaycan Fotoqraflar Birliyi — Azərbaycan Respublikasının həvəskar və professional fotoqraflarını bir araya gətirən, vəzifəsi Azərbaycan Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə edilən nailiyyətlərin qorunub saxlanması, ölkə daxilində və xaricdə təbliğindən ibarət ictimai təşkilat.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Azərbaycan Fotoqraflar Birliyi (AFB)[1] ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik Azərbaycan Respublikasının konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır.[2] Birliyin sədri sədri Amira Süleyman[3], idarə heyətinin üzvləri Aydın Mehdiyev, Ayxan Əhmədov və Vüqar İbadov seçilmişdir.[4]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1990-cı ilin əvvəlində — SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində "Azərbaycan fotoqrafları" sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi.
Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.
AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir. Bu gün AFB inkişafının yeni mərhələsinə qədəm qoyur. Həm təşkilati, həm də birliyin simasını formalaşdirmaq baxımından hələ çox işlər görülməlidir. Bütün maraqlı tərəflərdə münasibətlər qurulmalı, birlik üzvlərinin yaradıcılıq fəaliyyətləri üçün maddi zəmin və şərait yaradilmalıdır. 2011-ci il fevralın 5-də Beynəlxalq Xəbərlər Mətbuat Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin IV konfransı keçirilmişdir. AFB idarə heyətinin sədri Asiyat Fətullayeva birliyin üçillik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə AFB-nin gördüyü işlərdən, o cümlədən keçirdiyi sərgilərdən, beynəlxalq tədbirlərdə iştirakından söhbət açılmışdır. Əldə olunan nailiyyətləri diqqətə çatdıran A. Fətullayeva bildirmişdir ki, AFB mənzil-qərargahı Parisdə yerləşən Beynəlxalq Foto Sənəti Federasiyasının üzvlüyünə qəbul edilmişdir. Konfransda təşkilati məsələlərə də baxılmışdır. Birliyin yeddi nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilmişdir və həmin vaxtdan etibarən Mirnaib Həsənoğlu AFB idarə heyətinin sədri seçilmişdir. Birliyini fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə AFB-nin məsləhət şurası yaradımışdır.[5]
Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilati dəstəyi ilə 2014-cü ildə "İlin fotoqrafı-2014" mükafatının təqdimat mərasimi olub. Tədbirdə müxtəlif nominasiyalarda diplomlar və fəxri fərmanlar təqdim olunub: "AFB-yə dəstəyə görə" — Xəzər Universiteti; "Say Cheese", "Photo man-2013" və "Photo-school.eu" layihələrinə görə" – Gürcüstan Fotoqraflar Assosiasiyası; "İlin veb-saytı" — 1905.az portalı; "İlin jurnalisti" — Şirməmməd Nəzərli; "İlin televiziyası" – Regional TV; "Fotoqrafiya sənətində xidmətlərinə görə" – Fətəli Fətəliyev və Mehdi Abbasov; "İlin fotolayihəsi" – "Xocalı Harayı"; Hüseyn Hüseynzadə adına "Ümid" mükafatı – Məhəmməd İsmayılov; "İlin mətbuat fotoqrafı" – Rəsul Rəhimov mükafatlandırılıb. "Bürünc arqus" Araz Talıbova, "Gümüş arqus" Gülnarə Səlimovaya, "Qızıl arqus" Əlzamin Cəfərova təqdim edilib. "İlin fotoqrafı −2014" adına Dilavər Nəcəfov layiq görülüb.[6]
AFB-nin yaranmasından 20 ildən çox keçir.[7] Yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər.[8] Sərgilərdən 30-u xaricdə baş tutmuşdur (AFB, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Belçika, Ukrayna, Yunanıstan, Rusiya, Monqolustan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s.)
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Fotoqraflar Birliyinin köməyi ilə Vətən müharibəsinə həsr olunmuş "Anadır arzulara hər zaman Qarabağ" sərgisinin tərkib hissəsi kimi "Ermənistanın dövlət terrorizmi — 2020" fotosərgisində Azərbaycan fotoqraflarının əsərlərinin bir qismi sərgilənir. Fotoşəkillərin döyüş əməliyyatları gedən vaxt və ya dərhal əməliyyatlardan sonra çəkilməsi onları tarixi mənbəyə çevirir. Fotosərginin təşkilində məqsəd respublika ictimaiyyəti və xarici qonaqları çəkilmiş fotoşəkillərin tarixi əhəmiyyətinə cəlb etməkdir. Fotosərgidə təqdim olunan işlər Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna daxil edilərək, daimi eksponat kimi qorunur.[9]
Təşkilatın müxtəlif dövrlərdə sədrləri
[redaktə | mənbəni redaktə et]- Rafael Qəmbərov (1999–2007)
- Şahin Hüseynov (2007–2009)
- Asiyat Fətullayeva (2009–2011)
- Mirnaib Həsənoğlu (2011–2022)
- Rauf Umudov (2022)
- Amira Süleyman (2023) (müvəqqəti)
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Jurnalistlər Birliyi
- Azərbaycan Bəstəkarlar İttifaqı
- Azərbaycan Jurnalistlər Birliyi
- Azərbaycan Mətbuat Şurası
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Fotoqraflar Birliyi". 2016-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.
- ↑ "Arxivlənmiş surət". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ Amira, Süleyman. "Azərbaycan Fotoqraflar Birliyinin idarə heyəti növbəti iclas keçirilənə qədər səlahiyyətli şəxs olaraq Amira Süleyman təyin olunmuşdur". Archived from the original on 2023-05-26. İstifadə tarixi: 2023-05-26.
- ↑ "Arxivlənmiş surət". 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ "Arxivlənmiş surət". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ "Arxivlənmiş surət". 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
- ↑ "Arxivlənmiş surət". 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
- ↑ "Arxivlənmiş surət". 2023-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-12.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2023-03-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-13.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- AFB Azərbaycan Fotoqraflar Birliyinin rəsmi səhifəsi.
- https://clb.az/dosyalar/2070.pdf 397-ci səhifə
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |